
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və təbii resurslardan səmərəli istifadə istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi bu sahənin qarşıdakı dövr üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə oldu.
Dövlət Proqramı 23 sentyabr 2026-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilib. Proqram 2027–2030-cu illəri əhatə edir və dağ-mədən, metal filizləri və metallurgiya sahəsində yeni istehsal güclərinin yaradılmasını, mineral resurslardan daha səmərəli istifadəni və yüksək əlavə dəyər yaradan məhsulların istehsalının genişləndirilməsini nəzərdə tutur.
Proqram çərçivəsində 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiyanın cəlb edilməsi planlaşdırılır. Qarşıya qoyulan əsas hədəflərdən biri 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsini 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialını isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırmaqdır.
Dövlət Proqramında “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqlarının istismara hazırlanması mühüm istiqamətlər kimi müəyyənləşdirilib. “Filizçay” yatağında mis, sink və qurğuşunun emalı, “Söyüdlü”də qızıl emalı, “Daşkəsən” layihəsində isə isti briketləşdirilmiş dəmir istehsalı üzrə yeni güclərin yaradılması nəzərdə tutulur.
Bu layihələrin həyata keçirilməsi Azərbaycanın mineral xammal ehtiyatlarının iqtisadi dövriyyəyə daha geniş cəlb olunmasına, sənaye istehsalının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və yeni istehsal zəncirlərinin formalaşmasına şərait yaradacaq.
Prezident İlham Əliyev müşavirədə dağ-mədən və metallurgiya sənayesinin inkişafının regionların sosial-iqtisadi inkişafı ilə də əlaqəli olduğunu vurğulayıb. Dövlət Proqramının icrası nəticəsində yeni investisiya layihələrinin həyata keçirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi gözlənilir.
Beləliklə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun inkişafında, mineral resursların daha səmərəli istifadəsində və metallurgiya sənayesinin yeni texnoloji mərhələyə yüksəldilməsində mühüm istiqamətlərdən birini təşkil edir.
İlkin Quliyev: YAP Masallı rayon təşkilatının əməkdaşı