
“Masallı Təhsil Fondu”nun direktoru,
Respublikanın qabaqcıl maarif xadimi, baş müəllim Hüseyn Hüseyn Həsən oğlu:
Hörmətli həmfikirlər!
Təhsil hər bir dövlətin davamlı inkişafının və gələcək tərəqqisinin əsasını təşkil edən mühüm amillərdən biridir. Azərbaycanda təhsilin inkişafı, gənc nəslin, xüsusilə qızların keyfiyyətli və əlçatan təhsillə təmin olunması daim diqqət mərkəzində saxlanılır.
“Masallı Təhsil Fondu” 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məşhur Şahbaz oğlu Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi əsasında yaradılıb.
Fondun əsas məqsədi Masallı rayonunda aztəminatlı ailələrdən olan qız övladlarının ali təhsil almaq imkanlarının genişləndirilməsinə dəstək göstərmək, onların pedaqoji ixtisaslara yiyələnməsinə şərait yaratmaq və qızların təhsilə cəlb olunmasını təşviq etməkdir. Fond, həmçinin erkən nikah hallarının qarşısının alınması və qızların təhsillərini davam etdirməsi istiqamətində maarifləndirici fəaliyyət həyata keçirir.
Fondun fəaliyyəti çərçivəsində bu günədək 300-ə yaxın tələbə qızın təhsilinə dəstək göstərilib. Bu təşəbbüs aztəminatlı ailələrdən olan gənc qızların ali təhsil imkanlarının artırılmasına və onların gələcəkdə peşəkar mütəxəssis kimi formalaşmasına mühüm töhfə verir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məşhur Məmmədovun qızların təhsilinə və sosial rifahına göstərdiyi davamlı diqqət və dəstək gənc nəslin gələcəyinə yönəlmiş mühüm sosial təşəbbüslərdən biri kimi xüsusi əhəmiyyət daşıyır.
Fondun əməkdaşları Masallı rayonunun 74 saylı seçki dairəsinə daxil olan yaşayış məntəqələrindəki ümumtəhsil məktəblərində mütəmadi olaraq görüşlər keçirir, aztəminatlı ailələrdən olan qız şagirdlər və onların valideynləri ilə maarifləndirici söhbətlər aparırlar. Görüşlər zamanı qızların təhsillərini davam etdirməsinin əhəmiyyəti, ali təhsil imkanları və gələcək peşə seçimi ilə bağlı müvafiq məlumatlar təqdim olunur.
“Masallı Təhsil Fondu”nun nizamnaməsinə uyğun olaraq, qəbul imtahanlarında 300-dən yüksək bal toplayaraq ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarına qəbul olan qız tələbələrə aylıq təqaüd formasında maddi dəstək göstərilir.
Hər tədris ilində orta hesabla 45–50 tələbə qız Fondun bu imkanlarından yararlanır. 2026/2027-ci tədris ilində 45 tələbə qızın Fondun təqaüd proqramına cəlb olunması nəzərdə tutulub.
İnanırıq ki, təhsilə göstərilən hər bir dəstək gənclərin gələcəyinə qoyulan sərmayədir. Bu baxımdan “Masallı Təhsil Fondu” bundan sonra da aztəminatlı ailələrdən olan qızların təhsil almasına, onların bilik və bacarıqlarını inkişaf etdirməsinə və cəmiyyətdə layiqli mövqe tutmasına öz dəstəyini davam etdirəcək.
Bütün tələbələrə təhsillərində uğurlar, yüksək nailiyyətlər və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.

