
Oktyabrın 3-də Masallı Olimpiya Kompleksində Əməkdar məşqçi, SSRİ idman ustası, məhşur pəhləvan Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə U17 yaş qrupunda ənənəvi eyni zamanda “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə U17 yaş qrupunda Lənkəran-Astara region açıq turnirinin açılış mərasimi olub.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşı Zamin Məmmədov, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev, “Şöhrət” ordenli Yaqub Məmmədov, Nadir Ağayevin yetirməsi, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımov Nadir Ağayev güləş məktəbinin və Yaqub Məmmədovun Azərbaycan idmanında tutduğu mövqedən danışıb, mötəbər yarışlarda əldə edilən nailiyyətlərin ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü kimi səciyyələndiriblər.
Tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən iki nəfər fəxri fərmanla, bir neçə şəxs və təşkilatlar isə təşəkkürnamə ilə təltif olunublar.
Turnirdə 15 çəki dərəcəsində 22 komanda olmaqla 300 nəfər 2010-2012-ci il təvəllüdlü idmançılar qüvvəsini sınayır.











