
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, ölkənin investisiya imkanlarını və gələcək iqtisadi prioritetlərini əhatə edib.
Dövlət başçısı çıxışında vurğulayıb ki, sabit iqtisadiyyat və müstəqil maliyyə sistemi ölkənin gələcək inkişafı üçün mühüm əsasdır. Əlverişli investisiya mühiti nəticəsində son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilməsi ölkənin beynəlxalq investorlar üçün formalaşdırdığı etibarlı tərəfdaşlıq mühitinin göstəricilərindən biri kimi qeyd olunub.
Azərbaycanın qarşıdakı dövrdə əsas məqsədlərindən biri iqtisadiyyatın şaxələndirilməsi və neft-qaz sektorundan kənar sahələrin inkişaf etdirilməsidir. Bu baxımdan bərpaolunan enerji xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizinin Azərbaycan sektorunda böyük külək enerjisi potensialının mövcudluğu, eləcə də quruda Günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi ölkənin yaşıl enerjiyə keçid istiqamətində atdığı addımların əhəmiyyətini artırır.
Çıxışda logistika, nəqliyyat və regional bağlantılar da Azərbaycanın iqtisadi inkişafının mühüm istiqamətlərindən biri kimi diqqətə çatdırılıb. Dəmir yollarına, dəniz limanlarına, hava və avtomobil yollarına yatırılan investisiyalar ölkənin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində rolunu daha da gücləndirir.
Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin artırılması və 2030-cu ilədək bu göstəricinin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılması qarşıya qoyulan mühüm hədəflər sırasında yer alır.
Mədənçilik də gələcək inkişaf üçün böyük potensiala malik sahələrdən biri kimi qeyd olunub. Bu istiqamətdə qəbul edilmiş dövlət proqramının yeni layihələrə və fəaliyyətlərə təkan verməsi nəzərdə tutulur. Eyni zamanda, neft və qaz sektorunun Azərbaycanın iqtisadiyyatında aparıcı rolunu qoruyacağı və bu sahədən əldə olunan gəlirlərin digər iqtisadi istiqamətlərə investisiya şəklində yönəldiləcəyi bildirilib.
Prezident İlham Əliyev çıxışında siyasi və iqtisadi sabitliyin, güclü maliyyə sisteminin, aşağı xarici borcun və valyuta ehtiyatlarının Azərbaycanın investisiya cəlbediciliyində mühüm rol oynadığını diqqətə çatdırıb.
Azərbaycanın beynəlxalq tərəfdaşlarla uzunmüddətli və etibarlı əməkdaşlıq təcrübəsinin də investorlar üçün mühüm amil olduğu vurğulanıb.
Süni intellekt, data mərkəzləri, rəqəmsallaşma və müasir infrastruktur kimi yeni istiqamətlər də Azərbaycanın gələcək iqtisadi inkişafında xüsusi yer tutur. Artan enerji potensialından bu sahələrin inkişafında istifadə edilməsi ölkənin yeni texnoloji və iqtisadi imkanlar qazanmasına şərait yarada bilər.
Ümumilikdə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın investisiya imkanlarının genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, nəqliyyat və enerji potensialından daha səmərəli istifadə olunması, eləcə də yeni texnologiyalara və insan kapitalına investisiyaların artırılmasının qarşıdakı dövr üçün əsas istiqamətlər olduğunu göstərir.
Azərbaycanın mövcud iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, inkişaf edən nəqliyyat infrastrukturu və enerji imkanları ölkənin regional iqtisadi əməkdaşlıqda rolunun daha da genişləndirilməsi üçün mühüm zəmin yaradır.
Süleyman Musalı