
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən müharibəsinin başladığı, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda mübarizənin yeni mərhələyə qədəm qoyduğu gün kimi xüsusi yer tutur. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Bu tarix sonrakı 44 gün ərzində əldə edilən tarixi Zəfərin başlanğıc nöqtəsinə çevrildi.
Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun şəxsi heyəti yüksək döyüş ruhu, peşəkarlıq və əzmkarlıq nümayiş etdirdi. Hərbi qulluqçularımızın qəhrəmanlığı və fədakarlığı nəticəsində işğal altında olan ərazilərin azad edilməsi istiqamətində mühüm uğurlar əldə edildi. Döyüş meydanında göstərilən şücaət xalqımızın milli iradəsini və Vətən sevgisini bir daha nümayiş etdirdi.
27 Sentyabr həm də şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi gündür. Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə canından keçən qəhrəmanlarımızın fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların həyat yolu gənc nəsil üçün Vətənə sədaqət, milli həmrəylik və qəhrəmanlıq nümunəsidir.
44 gün davam edən Vətən müharibəsi 10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdı və Azərbaycan ərazilərinin işğaldan azad olunması təmin edildi. Bu tarixi qələbə Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, xalq-ordu birliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirdi.
27 Sentyabrın Anım Günü kimi qeyd olunması şəhidlərin xatirəsinə göstərilən yüksək ehtiramın ifadəsidir. Bu gün Azərbaycan xalqı Vətən uğrunda həyatını fəda etmiş qəhrəman övladlarının qarşısında baş əyir, onların əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
27 Sentyabr – Zəfərə gedən yolun başlanğıcı olmaqla yanaşı, Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinin başlanğıcıdır. Bu tarix xalqımızın birlik, həmrəylik və milli iradə nümayiş etdirdiyi, şəhidlərimizin qanı ilə yazılan Zəfər salnaməsinin ilk səhifəsidir.
Həbib Həbibov,
YAP Masallı rayon təşkilatının fəal üzvü