
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının tarixi nəticələrini özündə əks etdirən əlamətdar gündür. Bu gün Azərbaycan xalqının 30 ildən artıq davam edən həsrətinin sona çatmasını, işğaldan azad edilmiş ərazilərimizdə yeni həyatın başlanmasını və Böyük Qayıdış prosesinin sürətlə davam etdirilməsini simvolizə edir.
Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan tarixində mühüm mərhələni – ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunmasını özündə əks etdirir.
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazilərimizdə qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu. Sentyabrın 20-də isə həmin proses başa çatdı və Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi təmin edildi.
Bu tarixi hadisədən sonra Azərbaycan dövlətinin qarşısında yeni vəzifələr – işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi dayanırdı. Bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirilir.
2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə Azərbaycan xalqının tarixində mühüm rəmzi məna daşıyan tarixi anlardan biri oldu.
Xankəndidə Dövlət Bayrağının ucaldılması mərasimində Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edərək bu günü 30 ildən artıq müddətdə gözlədiklərini bildirdi. Dövlət başçısının çıxışında qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası dövlət qarşısında qoyulmuş əsas məqsədlərdən biri idi.
2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Bu tədbir Azərbaycanın tarixi Zəfərinin və dövlət suverenliyinin nümayişi baxımından mühüm əhəmiyyət daşıdı.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm istiqamətlərindən biri də təhsilin inkişafıdır. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universiteti yaradıldı. Universitetin fəaliyyətə başlaması Qarabağda yeni təhsil və elm mühitinin formalaşdırılması, region üçün yüksəkixtisaslı kadrların hazırlanması baxımından mühüm addım oldu.
Eyni zamanda, 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. Bununla da azad edilmiş ərazilərdə inzibati idarəetmənin və yeni inkişaf mərhələsinin mühüm əsaslarından biri formalaşdırıldı.
Xankəndidə həyatın bərpasının mühüm göstəricilərindən biri də idman sahəsində baş verən hadisə oldu. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final mərhələsində Bakı MOİK-i ilə Xankəndi şəhərində qarşılaşdı. Bu, 30 illik fasilədən sonra Qarabağın işğaldan azad edilmiş hissəsində keçirilən ilk rəsmi futbol oyunu kimi tarixə düşdü.
Bu gün işğaldan azad edilmiş Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində və kəndlərində genişmiqyaslı quruculuq işləri davam etdirilir. Yeni yaşayış məhəllələri salınır, sosial obyektlər, məktəblər, xəstəxanalar, yollar və digər infrastruktur qurulur, sakinlərin doğma yurdlarına qayıdışı təmin edilir.
2026-cı il avqustun 17-dək Xankəndi şəhəri və Kərkicahan qəsəbəsində ümumilikdə 119 ailənin, 506 nəfərin məskunlaşması təmin edilib. Xocalı rayonunun şəhər və kəndlərində 1 167 ailə, 4 841 nəfər, Xocavənd rayonunda 988 ailə, 4 070 nəfər, Ağdərə rayonunda isə 917 ailə, 3 587 nəfər məskunlaşıb. Bu rəqəmlər Böyük Qayıdış proqramının ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə istiqamətində görülən işlər yalnız yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Burada təhsil, səhiyyə, sənaye, turizm, idman və digər sahələrin inkişafı üçün də mühüm layihələr həyata keçirilir.
Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti genişləndirilir, yeni fakültə və tədris binaları istifadəyə verilir. Şəhərdə Zəfər parkı, Konqres Mərkəzi, otellər, biznes və istehsal müəssisələri yaradılır.
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasiminin keçirilməsi, “Xankəndi” Biznes Mərkəzinin, Konqres Mərkəzinin və digər obyektlərin istifadəyə verilməsi şəhərin gələcək inkişafının mühüm istiqamətlərindəndir.
Xocalıda da geniş bərpa və quruculuq işləri aparılır. Xocalı şəhərində və rayonun kəndlərində yaşayış binaları və fərdi evlər bərpa olunur, sosial infrastruktur yenilənir. Xocalı Soyqırımı Memorialının yaradılması və 2026-cı ildə açılışının keçirilməsi xalqımızın faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm hadisədir.
Xocavənd rayonunda Hadrut, Tuğ, Xocavənd şəhəri və digər yaşayış məntəqələrində geniş quruculuq layihələri həyata keçirilir. Yol infrastrukturu yenilənir, yaşayış məhəllələri və inzibati obyektlər inşa edilir, sakinlərin doğma yurdlarına qayıdışı təmin olunur.
Ağdərə rayonunda da bərpa və yenidənqurma işləri geniş vüsət alıb. Suqovuşan, Həsənriz, Kolatağ, Vəngli, Heyvalı, Çapar, Aşağı Oratağ, Çıldıran və digər yaşayış məntəqələrində yeni evlər və infrastruktur yaradılır. Sərsəng su anbarından Umudlu kəndinə gedən avtomobil yolunun istifadəyə verilməsi, Suqovuşanda yaşayış kompleksinin və məscidin açılması, Ağdərədə “Qozlukörpü” Su Elektrik Stansiyasının fəaliyyətə başlaması görülən işlərin miqyasını nümayiş etdirir.
Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri də bərpa və quruculuq prosesinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu göstərir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə edilən çoxsaylı səfərlər zamanı yeni layihələrin təməli qoyulub, müxtəlif sosial və iqtisadi obyektlər istifadəyə verilib, görülən işlərin vəziyyəti ilə tanışlıq keçirilib və sakinlərlə görüşlər təşkil olunub.
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri yeni inkişaf mərhələsini yaşayır. Vaxtilə işğal nəticəsində dağıdılmış yaşayış məntəqələri yenidən qurulur, doğma yurdlarından didərgin düşmüş insanlar öz torpaqlarına qayıdır, burada yeni həyat qurulur.
Süleyman Musalı