
19 avqust 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun Lürən ərazisində sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilib.

Görüş-qəbulu açan rayon rəhbəri Lürən ərazisinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, əhalinin məşğuliyyəti, eləcə də sosial-iqtisadi inkişafı barədə məlumat verib. Bildirilib ki, vətəndaş müraciətlərinin yerində dinlənilməsi, qaldırılan məsələlərin araşdırılması və onların operativ həllinə nail olunması dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri Niyazi Bağırov əvvəlki səyyar qəbul zamanı Lürən ərazisində 6 vətəndaş tərəfindən 6 məsələnin qaldırıldığını bildirib. Onun sözlərinə görə, həmin məsələlərdən 2-si müsbət həll olunub, 4 məsələ ilə bağlı isə vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun izahat verilib.

Keçirilən növbəti səyyar qəbul zamanı sakinlərin əsasən sosial və şəxsi xarakterli məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri məsul əməkdaşlar tərəfindən qeydə alınıb və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında yaşayış məntəqələrinin sosial problemlərinin həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Rayon rəhbəri qeyd edib ki, ərazilərdə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər mərhələli şəkildə davam etdiriləcək, vətəndaşların hər bir müraciəti diqqətlə araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətlər çərçivəsində həlli üçün zəruri tədbirlər görüləcək.

