
LERİKLİ GÜLƏŞÇİ ERMƏNİ RƏQİBİNİ
MƏĞLUB EDƏRƏK AVROPA ÇEMPİONU OLDU
Azərbaycan güləşi növbəti möhtəşəm uğura imza atıb.
Cenubmedia xəbər verir ki, Lerik rayonunun Xəlifəküçə kəndindən olan istedadlı yunan-Roma güləşçisi Emin Cavadlı Əfqan oğlu Şimali Makedoniyada keçirilən U20 Avropa çempionatında qızıl medal qazanaraq ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazıb.
55 kiloqram çəki dərəcəsində mübarizə aparan Emin Cavadlı final görüşündə Ermənistan təmsilçisi Edqar Petrosyan ilə üz-üzə gəlib.
Gərgin və prinsipial keçən qarşılaşmada Azərbaycan güləşçisi üstün performans nümayiş etdirərək rəqibini məğlub edib və inamlı qələbə qazanaraq Avropa çempionu adını əldə edib.
Bu möhtəşəm qələbə yalnız Lerik rayonunun deyil, bütün Azərbaycanın böyük sevincinə çevrilib. Dövlət Himnimizin səslənməsi və üçrəngli bayrağımızın Avropa çempionatında ən yüksək zirvədə dalğalanması hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir.
Emin Cavadlının qazandığı bu uğur onun uzun illər çəkdiyi zəhmətin, məşqçilərinin əməyi və ailəsinin dəstəyinin nəticəsidir. Gənc idmançının nümayiş etdirdiyi əzmkarlıq və vətənpərvərlik gələcək nəsil idmançılar üçün də örnəkdir.
Cenubmedia kollektivi olaraq Lerikimizin fəxri Emin Cavadlı Əfqan oğlunu, onun valideynlərini, məşqçilərini, doğmalarını və bütün Azərbaycan xalqını bu möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edir, idmançımıza gələcək yarışlarda da yeni-yeni qələbələr, dünya və olimpiya çempionluqları arzulayırıq.
Qürur duyuruq, Emin! Azərbaycan səninlə fəxr edir! 🇦🇿🥇