
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ərkivan qəsəbə ərazisində xeyriyyəçilər tərəfindən yenidən qurulan qəbiristanlıq hasarında görülən işlərlə yerində tanış olub.
Baxış zamanı ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, xeyriyyəçilər və qəsəbə sakinləri iştirak ediblər.
Rayon rəhbərinə qəbiristanlığın yenidən qurulan hasarında və ərazidə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, qəbiristanlığın 24 metr uzunluğunda hasarı xeyriyyəçilər tərəfindən yenidən qurulub və ərazidə abadlıq işləri aparılıb.
Araz Əhmədov görülən işlərlə tanış olaraq xeyriyyəçilərin təşəbbüsünü yüksək qiymətləndirib. Qeyd olunub ki, belə xeyirxah təşəbbüslər yaşayış məntəqələrinin abadlaşdırılması ilə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunmasına və dini-mədəni irsimizə ehtiramın nümayiş etdirilməsinə xidmət edir.
Daha sonra rayon rəhbəri qəbiristanlıqda dəfn olunan şəhidlərin məzarlarını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad edib. Həmçinin qəbiristanlıq ərazisində yerləşən Seyid Sadıq Ağa məqbərəsini ziyarət edib.
Rayon rəhbəri görülən işlərin keyfiyyətlə davam etdirilməsi və ərazinin abad vəziyyətdə saxlanılması ilə bağlı müvafiq tövsiyələrini verib.
Qəsəbə sakinləri görülən işlərə görə minnətdarlıqlarını ifadə ediblər.



