
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Boradigah ərazi nümayəndəliyi və Boradigah bələdiyyəsinin təşəbbüsü, xeyriyyəçilərin dəstəyi ilə həyata keçirilən su aparıcı kanalların lildən təmizlənməsi işləri ilə yerində tanış olub.
Baxış zamanı rayon icra hakimiyyəti başçısının birinci müavini, Boradigah ərazi nümayəndəsi, bələdiyyə sədri və aidiyyəti şəxslər iştirak ediblər.
Məlumat verilib ki, təmizləmə işləri Boradigah ərazisinin Babaser kəndindən başlayaraq Mollaoba–Qumbaşı istiqamətində yerləşən su aparıcı kanalları əhatə edir. Layihə çərçivəsində ümumilikdə 6 kilometr uzunluğunda kanalın lildən təmizlənməsi nəzərdə tutulur. Hazırda işlərin 1 kilometrlik hissəsi başa çatdırılıb.
Bildirilib ki, həyata keçirilən tədbirlər sel və yağış sularının maneəsiz axınının təmin edilməsinə, daşqın riskinin azaldılmasına, əkin və həyətyanı torpaq sahələrinin su basmasının qarşısının alınmasına, həmçinin ərazinin meliorativ vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Rayon rəhbəri görülən işlərin vaxtında və keyfiyyətlə başa çatdırılmasının vacibliyini vurğulayaraq aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, layihə çərçivəsində nəzərdə tutulan işlərin qalan hissəsinin icrası ardıcıl şəkildə davam etdirilir.